Silhouette of Germany
0

ein Deutschehəyat

Uzun müddət həyatın mənə yaratdığı maneələri dəf edərək “Almaniyada təhsil” hədəfimə doğru kiçik və böyük addımlarla irəlilədim. Və sonda istəyimin qismən də olsa, bir hissəsinə çatdım. Həmişə ikinci vətən adlandırdığım bu ölkə elə düşündüyüm kimi bir yerdir.

THY vasitəsilə gəldim İstanbula (THY-dəki stüardessalardan biri bilmirəm niyə, amma mənə VİP qonaq “muamelesi” göstərdi. Özümü lap Cem Yılmaz deyən “götü yeke” business class müştərisi kimi hiss elədim), ordan Frankfurta, ordan da..

…hazırda Saarland torpağının elə də böyük olmayan, amma bu torpağın paytaxtı hesab edilən Saarbrücken şəhərindəyəm. Şəhər və torpaq burdan axan Saar çayının adınadır. Əhalisi -180,000 + olar. Yəni bildiyimiz Xətai rayonu bura hücum eləsə, zəbt edə bilər. Amma onu deyim ki, bir şəhər bu qədər mükəmməl ola bilər. Qəti şəkildə bir dənə də olsun göydələn yoxdur. Kiçik evlərdir, 2-6  mərtəbəli. Memarlıqda alman üslubu bu şəhərdə tam olaraq öz əksini tapır. Şəhərin ən məhşur və yeganə universiteti Universitet des Saarlandes adlanır. Bildiyim qədəriylə burda Strasburqda, Lüksenburqda və digər Avropa Birliyi beyin mərkəzlərində çalışan yüksək vəzifəli və çinli şəxslər mühazirələr oxuyurlar.

     

Şəhər Bakıya baxanda çooooox ucuzdur. Orta əmək haqqı 1000 avrodur. Burda 2 gün ərzində Bakıda görmədiyim maşın markalarına rast gəlmişəm. Fikirləşdim ki, burda elə də böyük biznes mərkəzləri yoxdur axı ki, biri 120.000 aparıb BMW M3 ya da Porsche Panamera alsın?! Sonra öyrəndim ki, bura bildiyim Washington DC kimidir. Əhalinin çoxu şəhər kənarında və ya cəmi 1 saatlıq məsafədə yerləşən Strasburqda işləyirlər. Maaşları superdir. Bu şəhər də ucuzdur. Orda işlə, burda yaşa. Əhalinin əksər hissəsini ya yaşlı nəslin nümayəndələri, hansılar ki, sakit həyata üstünlük verərək, həftəsonu axşamlarını Kneipe (PUB=PİVƏXANA) də Bundesliganın oyunlarını seyr edərək yaşlılığın ləzzətini çıxarırlar, ya gənc ailələr, hansıların ki, uşaqları məktəbə gedir, ya da tələbələr. Şəhər həqiqətən də sakitdir. O qədər sakitdir ki, bir anlıq Bakı üçün darıxmaq istədim. Amma metro yadıma düşəndə bu fikirdən vaz keçdim. Fransada açıq şəkildə qadağan olunmuş və yalnız müəyyən təyin olunmuş yerlərdə fəaliyyət icazəsi olan Casino, Sexshop və “Əxlaqsız Yuvalar” (bu sözü deyəndə hırrr tutur məni) burda çox sərbəst şəkildə hər yerdə var. Hətta düşündüm ki, 176. 000 əhalisi olan şəhər üçün -10+ Sexshop çoxdur. Amma onu bilirəm ki, şəhərin ən böyük Sexshop-u “der Mega-Erotic Discounter” mənim qaldığım evlə üzbəüzdür. “Tale” bizi nəhayət ki, qovuşdurdu, “qismətimdə” bu da var imiş.

      

Bugün dostum, qardaşım Elnur Trierdən gəldi, görüşdük, şəhəri 4-5 dəfə fırlandıq. Nə istəsən var. Əsasən də BISTRO-lar (fast food). Bildiyimiz kimi “alman mətbəxi” deyə anlayış gülməlidir. DUDEN lüğətində 500.000 alman sözü olsa da, Kulinariya kitabında 500 dənə nədi, heç 50 dənə normal alman yeməyi tapa bilməzsən. Ona görə də burda türk “kebab-hause”, “kebab-pizza hause” (kürdlər də işlədir), “china bistro”, “thai food”, “asiatische küche” kimi yerlər daha “xod” gedir, McDonalds və Burger King öz yerində. Çox səliqəli şəhərdir.

O ki qaldı pivələrinə, nə bilim, dəqiq heçnə deyə bilmərəm. Hələlik 2 pivənin dadına bələd oldum. Biri də Karlsbergdi (Carlsberg yox, bu çec pivəsidi, Karlsberg isə alman və 1878-dən istehsal olunur). Acıdır. Öyrəşdiyimiz dad deyil, həm də burda pivələri 200 ml də verirlər. Amma səyahət hələ davam edir…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *