0

Harry Potter-lə keçən İllər

Bu gecə çox nostaljiyə qapılmışam. Həqiqətən də bu gecə çevrilib arxamca qoyduğum illərə baxdım. Nə qədər böyümüşəm?! Çooox, amma hələ də kiçik uşaqlığım qalıbmış. Elə ciddi bir şey olmadı deyə bilmirəm. Bu gecə Harry Potter-in baxmadığım son 2 seriyasına baxdım. Və bitdi. American Happy End-i olsa da, film bitdi.

Yadıma gəlir ilk dəfə mən bu film haqqında Lider TV-də hansısa xatırlamadığım verlişdə fraqmentlər görmüşdüm. 2001-ci il idi. İlk seriyanın hələ premyerası kinoteatrlarda təzə başlamışdı. Filmdən ilk gördüyüm fraqmentdə mənim yaşda olan uşaqların yaşıllıqda uçan süpürgələrlə tanışlıq səhnəsi idi. Biri sehri düz oxumadı deyə, süpürgə qalxıb sifətinə dəydi. Çox heyrət içində idim. Uşaqlıqdan oxuduğum nağıllar kimi bir dünyanı filmdə izləyə biləcəkdim. Uçan süpürgələr, sehrli çubuqlar, qəribə varlıqlar. Elə bil online sehrli oyunlardakı personajlar canlanmışdılar. Ən çox bəyəndiyim şey real dünyadan sehrli aləmə keçid idi. Hər seriyası çıxdıqca daha da həyəcanla oturub baxırdım. Yaxşı yadımdadır, pulumun olmayan vaxtı atama demişdim ki, əgər imtahanların hamısından beş alsam, mənə pul verərsən. Disklər hələ elə də yayılmamışdı. Video kassetlərin 5000 manatdan (köhnə) satılan vaxtında Harry-nin 3 seriyası üçün axırıncı “Şirvan 5 məmməd” vermişdim. Seriyalar arasındakı məntiqi bağlılığı tutmaq üçün hətta səhər saat 7-yə kimi onların 3-nə də baxmışdım. Mən balaca idim. O uşaqlığım mənə çox xoş gəlir indi. Bu filmdə həqiqətən hissələrim var. Rus dilində başa düşsəm də, nə düz yaza, nə də danışa bilirdim. İlk dəfə Harry Potter-in rus fanları ilə tanış oldum və onlar mənə hpchat.ru çatını məsləhət gördülər. Çatda bütün adlar demək olar ki, filmin personajlarından götürülmüşlər idi. Bir mən “focus” idim. İlk “virtual sevgilim” o çatdan “ket27” adlı qız idi. O da ağ şokolad və yaşıl alma sevirdi. O çatın sayəsində ucoz.ru saytında şəxsi saytımı yarada bilmək barəmdə məlumat aldım. Etiraf edim ki, Harry Poter-ə oxşayıb oxşamamağımı dəqiqləşdirmək üçün hər gün güzgünün qabağında özümə baxırdım. Çox əla günlər idi. Az deyil. 1-ci seriya ili 8-ci seriyanı 10 il ayırır. 10 ilin hər ili mən o filmin yeni seriyasını gözləmişəm. Son 2 seriyanı saxlamışdım ki, bir yerdə baxım ikisinə də. İnsanların əşyalarda bir parçaları qalır kimi, mənim də bu filmdə uşaqlığım və yetkinliyim qalıb. Kim nə desə də, bu film əladır. Onun saytına valeh idim. Qeydiyyatı keçmişdim ki, hər yenilikdən xəbərim olsun. Flash-li saytların az olan vaxtı, oyunlarda olmayan keyfiyyəti bu saytda görmüşdüm. Xəstəsi olmuşdum saytın. Hazırda 31 martda filmin “making” sirləri açılacaq. Biletlər satılır. Oyunlarının da xəstəsi idim. Həm PC-də, həm də Sony PS-də bağlayırdım. Memory Card falan almışdım. Nə bilim əşşi. Uşaqlığımla vidalaşır kimi oldum bu gecə.

Harry Potter Soundtrack – Hedwigs Theme by tfrady

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.