0

Sual: Qoxu və Dad olmasa?

Sual: Qoxu və Dad olmasa?

Cavab 1: Qoxu olmasa.. qoxu .. qoxu deyəndə ağlıma gələn ilk şey kofe olur, kofe mənə Onu xatırladır. Hər getdiyim yerə anam üçün darıxanda özümlə apardığım “anamın ətri”ni yad edir. Qoxu olmasa.. qoxu olmasa biz feromonları hiss etmərik, hemoqlabin endorfin ifraz etməz, biz aşiq ola, sevə bilmərik, biz ehtiras duymarıq, biz seksdən tam həzz ala bilmərik.

Qoxu olmasa, bütün parfumeriya şirkətləri iflas olar, Fransa öz adını itirər. Fransız ətri tarixdən silinər. Burunları çörək ağacı olanlar məhv olarlar. Məhsul çeşidləri 100-dən 2-yə, ya da 1-ə düşər. Qoxu olmasa, restoranların dadlı yemək hazırlığı üçün məsrəfləri artar, iqtisadi gərginlik baş alıb gedər, qiymətlər qalxar.

Qoxu olmasa, ölmüş, 9 yaşlı zorlanmış qız cəsədinin yaxınlıqdakı quyuda olduğunu bilmərik. Ya da tualetdə suyun buraxılmadığının fərqinə varmarıq. Dəm qazından boğularıq.

Qoxu beynimizin dərinliklərində xatirələr gizlədilən kameraların açarıdır. Onsuz bir okean xatirəmiz dustaq olub, beyindəcə çürüyər. Qoxu bədənin özünümüdafiə sisteminin qırmızı naqilidir.

 

Cavab 2: Dad olmasa.. şirin, turş, acı, kəmturş, duzlu, duzsuz kimi anlayışlar dilin lüğət tərkibində arxaikləşər. Dadsız –  sevdiyinin vucudunu dodaqlarınla oxşayarkən  “sən duzlusan” deyə bilməzsən.

Dadsız –  kiçik və orta restoranlar bağlanar. Qida sənayesi çökər. İnsana yalnız yağ və karbohidrat kifayət edər yaşamağa. Yağ və un. Dequstatorlar işsiz qalar. Dünya qoxusuz və dadsızlardan ibarət işsizlər ordusuna çevrilər. Dadsızlıq  – dünya iqisadiyyatını tam çökdürər. Məhsullar keyfiyyətsizləşər. Qiymətlər düşər. Nə Somalili, nə də ABŞ-lı acından ölər. Qətllər azalar, qatillər azalar, qısqanclıq itər. Eqo zəifləyər.

İtalyan şərabı, fransız və erməni konyakının 200 illiyi belə ani olaraq dəyərsizləşər. Restoranlara sadəcə qırmızı şərabın parıltısı, badələrin cingiltisi və sənə kiminsə xidmət etməsi üçün gediləcək, insanlar kimlərinsə sağlıqlarına badə qaldırmayacaq. Bəlkə də barışmazlıqdan sadəcə içib sərxoş olacaqlar.

Yeri gəlmişkən, qırmızı yapon istiotu və çili sousu da tarixin səhifələrinə qərq olacaqlar.

Amma həyat davam edəcək.

Restoranların qiymətləri ordakı musiqiçinin qiyməti və interyerin dizaynı ilə ölçüləcək. Kreativlik göz və qulaq üçün lazım olacaq. Rəng və musiqi. Musiqi alətləri, səsyazma studiyaları və rəssamlar mədəni və iqtisadi inqilab edəcəklər, rənglər sənayesi inkişaf edəcək, billur, şüşə sənayəsi qazancının pikinə çıxacaq.

Ən ləzzətli xörəklər ən yaxşı qabda, ən gözəl bəzəkli ən çox xırçıldayanlar olacaq. Həyatda bir bloqposta yerləşdirilməyəcək qədər dəyişikliklər baş verəcək.

 

Sual 2: Eşitmə və Görmə də olmasa?

Cavab 1: Şəxsən mən ölü olaram, musiqisiz. Nə klassik, nə rock, nə metal.. janrlar qeyb olar. Artıq xırçıltılı səsli xörəklərə ehtiyac olmaz. Səs və musiqi sənayesi iflas olar.

Eşitmə olmasa, insanlar ünsiyyəti itirər, kompramislər ərşə çəkilər, qətllər, qatillər, ixtişaşlar, inqilablar, təhlükələr çoxalar. Daktilologiya – “Lal dili” kitabları nəşriyyatların bestselleri olar. Nifrət, əzazillik artar., aqressiya çoxalar. Səssiz filmlər dövrü qayıdar. İndikatoru səs olan hər bir şey yararlılıq qabiliyyətini itirər.

Seks zamanı məşuqənin ehtiras və ağrı dolu səslərini eşitməyəcəksən, zövqün miqdarı azalacaq, sən o səsləri onun sifət cizgilərində, mimikalarında axtaracaqsan.

Mobil operatorlar yalnız sms-lər üçün mövcud olacaq. Zəngin qiyməti azalacaq, sms-in qiyməti artacaq. Radio anlayışı tarixə qovuşacaq, diktofon, mp3 player də həmçinin.

Məsələn: aşağıdakı videodakı qardaşın nə qulaqları, nə gitarası nə də studiyası heç kimə lazım olmayacaq.


 

İnsanlar özlərini eşitmək üçün ucadan qışqıracaqlar. İşsizlər ordusuna musiqiçilər də qoşulacaq. Musiqi alətləri muzey eksponatlarına çevriləcəklər.

Yeni doğulan uşaqlarda bütün hisslərin olması alimləri antitellər tapmağa ümidləndirəcək. İtalyan mətbəxinin pastaları (spagetti) ən tələb olunan qida olacaq. Apple yeni “iWrite“ məhsulunu təqdim edəcək. Bu tərəfdə sən yazacaqsan, o biri tərəfdə əks olunacaq. Qarşındakına fikrini izah edəcəksən. İnsanlar ya küçədə nə gördü oğurlayanlardan, ya inəkləri sağmağa gedən fermerlərdən və s.-dən ibarət olacaq. Bəziləri dünyanın sonu olduğunu düşünər, əksəriyyət isə şəraitə adaptasiya olub, həyatın yenə də davam etdiyini düşünər. İnsan həyatı şərti işarələrdən sallanar.

Amma göz oxşayan gözəl restoranlar yenə olacaq. Nostalji xətrinə ekzotik yeməklər yenə sifariş ediləcək.

Gözəllik yalnız gözlə axtarılacaq.

İnsanlar bir-birilərini sevəcəklər, hər yeni gün açılanda kar, lal, dadsız, qoxusuz olduqlarını bilsələr də, kor olmadıqlarına şükür edəcəklər. Bu sevgi daha güclü olacaq. Küsənlər barışacaq. Nifrət itəcək. Hər bir acını unudacaq və sevişəcəklər, və yenə sevişəcəklər.

Cavab 2: və Görmə itsə.. həyat nəfəsdən ibarət olacaq. Tezliklə isə o da dayanacaq.

Və bunun üçün heç bir bloqpost da lazım olmayacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.