4827439_large
0

Tənhalıq

Nədən başlayır tənhalıq? Məgər onun başlanğıcı və sonu var? o, Zaman içində zaman kimi əzəli və əbədidir. Bəzən səni tərk etmiş kimi gizlənər səndən, bəzən heç vaxt getməyəcək kimi qonaq gələr ruhuna. Bəzən onunla oturub kitab oxumaq istərsən, bəzənsə onu çağırmaq üçün mahnı dinlərsən. Nəylə ölçülür ki, tənhalıq? Ölçülürmü məgər o? Boş içki şüşələrin sayıylamı? Dolu siqaret qutularıylamı? Daxilindəki qaranlıqda oturmuş siluetdir o tənhalıq. Qaldırdığın qədəhləri onun səni heç vaxt yalnız qoymamağının şərəfinə qaldır. Sənə sonuna qədər sadiq qalan, sənə axıra kimi qarşı çıxan, səni sonuna kimi dəstəkləyən – sənin tənhalığındır.
Nə fərq edir ki, meşədəki çayın yanında sakitcə kitabını oxuyan gəncin balıq tutmağında gizlənir o tənhalıq, yoxsa meqapolisdəki milyonların baxışlarında.
Tənhalıq insan kimi deyilmi?! Bəzən xoşbəxt edir, bəzən kədər gətirir. Bəzən pəncərəni açıb insanları izləmək, bəzənsə qapını bağlayıb qaranlıqda oturmaq.Hərdən monoxrom, hərdən monoton, hərdən monolife olursan. Tənhalıq “mono” ilə ondan sonrakı sözün arasında dayanmış bir hissdir. Bir kamera tərəfindən həyatının lentə alınmağını təsəvvür et. Sürətləndirilmiş bu filmin izləyicisi ilə filmin soundtracki arasında oturur o tənhalıq.
Tənhalıq heç də işdən çıxıb evə getməyə tələsməmək deyil. Bəzən tənhalıq evə tələsib sənin üçün darıxdığını zənn etdiyin çarpayında tək uzanmaqdır.
Tənhalıq bəzən piano dillərindən qaçıb canını qurtarmaq istəyən not kimi səndən bir müddətlik uzaq olmağa çalışır. Bəzən də uzun melodiya kimi çıxıb getməz yanından.

Leech – Inspiral by Monkey-Rm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *