Surrealism-01
0

Sarı və Həyat

Əzilmək deyə bir şey var. Onu adətən qürurla çox bağlı tutan biri idim. Lakin ağuşuna qovuşduğum ilk gündən əqlimin, yoxsa qəlbimin danışıq dillərini qəzadan sonra yaddaşını itirmiş biri kimi ya unudur, ya da qarışıq salıram.

Çətindir.

Həyat yenə də öz sözünü deyir. Deyir ki, sən gözləyəcəksən, hətta əzab da çəkəcəksən.

Eşq ümmanı var, dərindir. Dərinliyə getdikcə boğulmasan da, sualtı axınlar səni o yoldan bu yola atırmış kimi çırpırlar. Üzürsən. Gecədən səhərə qaçırsan. Qaçmaqda bir fayda varsa da, qırmızıya dair deyilən kimi: qaçmaq acizlikdir, demək, qırmızı acizlikdir. Sevgi qırmızıdır, sevgi iztirablar qarşısında acizlikdir, yəqin. Mənsə sarını sevdim.

Sarı uzaqdır, sarı fərqdir, sarı nisbətdir. Sarı yaşamadığını yaşadanlar silsiləsində dayanmış çiskinlə örtülü yamacı olandır. Sarı əyilməyəni əzəndir, ancaq qürurla oynamayandır. Sarı gözləməyə dəyiləndir. Sarı dəyişkəndir. Sarı qətiyyətli, ancaq yorğundur. Sarı ağlayanda qırmızı olandır. Sarı göy ilə yaşılı yaradacaq qüdrət sahibidir, ancaq aşağı özgüvəni olandır. Sarı inadkardır.

Sadəcə həyat qarşısında inadkar olmaq sarının özünü əzir, həyat daha güclüdür. Həyat daha üst-sistemdir. Həyat sarının davranış ardıcıllıqlarından ibarə olan müstəvidir. Sarı o müstəvi üzərindəki ağ-qara ləkələrdə dama oynayanda həyat şahmat oynayacaq qədər bicdir. Həyat ədalətsiz də deyil. Sarıya qaydaları dəyişmək imkanı verir. Sarı həmin o ümmanın dibində boğulmaq üzrə də olsa, ona uzanan əli tutmur. Sarı həyatın ona göstərdiklərini görsə də, inad edər. Həyat isə bicdir, ağıllıdır. O, sarını eşqlə boğmayacaq. Öldürməyəcək. Əzab verəcək. Həyat cənnət ilə cəhənnəm arasında bir seçimdir. Sarı öz dünyasının rəngini özü təyin edir kimi gəlir ona. Əslində isə, Sarı bu mövcud mühitdəki onun yaşamına təsir edən elementlərdən biridir. Zaman onun həkimidir. Yeganə və tək həkimi. Zaman soyuq nəfəsi ilə iztirab bakteriyalarını ölənə kimi soyudur. Zaman sadəcə qapı arxasında dayanıb içəri daxil olma zamanını gözləyir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *