Həyatının bir anından qopmuş fikirlərini ona səhra göyərçinlərin olan quzğunlarla göndərmiş olduğunun fərqində olmaya bilərsən. Bəzən bu namələr çox qarışıq olur. İlk dəfə bütün hərfləri öyrənəndən sonra yazmağa çalışan biri kimi anlamırsan yazdıqlarını. Anlamırsan, çünki oxuya bilmirsən. Özünün ona olan cavablarını qalanın üzərinə azmeylli olan pilləkən yoluna bənzədirsən. Əvvəlcə pilləkənləri tez-tələsik çıxırsan. Kəsə yolu görmürsən, uçuq pillələrin fərqinə varmırsan. Ikinci dəfə isə keçdiyin yola aşağıdan, ya da yolun başından baxırsan. Artıq hər şeyi başqa cür görürsən. Daha çox güzəştə gedə bilərdin, getmədin. Onun üzərinə getməyə bilərdin, ama çox getdin, hətta sıxdın. Heç nəyə peşman olmursan. Saniyəyə və əhvala görə hərəkət etmisən, vəziyyəti soyuqqanlı deyil, əksinə qiymətləndirmisən. Məncə belə də olmalı idi. Sən ki onu çox istəyirsən. Necə soyuqqanlı ola bilərsən ki..
O gedirdi, sən pillələri iki-iki, üç-üç qalxırdın ki, əlindən tutub qaytarasan. Uçuq daşı görməməyin ədalətlidir. O daş baha başa gələ bildi. Geriyə həəmişəyol var deyənlər bəzən yanılmış olurlar. Bəzən yol olmur, arxaya çönürsən və qabağında heç vaxt olmadığın bir yol görünür. O yol səni səs-küylü şəhərdən dayandığın ətalət nöqtəsinə gətirmiş olubsa da, aparacağı məntəqə indi səhradır. Sən, səmum və Kaktus. Uzaq Hindistandan əsən küləklə qucaqlaşmaq pilləkənin səni yıxandan sonra ruhuna verdiyi narahatlığı sükunətə qaytara bilər.
Sükunət uzananda təhlükəli olur. Sən özünün tanıya bilmədiyini düşünməyə başlayırsan və qorxursan. Bəzən pilləkəndən bilərək yıxılmaq yaxşıdır. İnsan olduğunu anlamaq üçün. Əsas, sən tək yıxılasan. Qarşındakını geri qaytarmaqçün tələsməkdən yıxılma, əziz Mən.