Nəyisə bölüşürsən ki, qarşındakı da sənin vardığın səhranın göz çıxardan səmumunu həmin səhranın sarı rəngininin təkrarsız çalarına görə əhv edircəsinə yanında addımlasın, bəlkə ruhu ruhuna salam verib, keçər, gedər. Bölüşdükcə anlaşılmadığını anlayınca bölüşməkdə faydanın sənin anlaşılmayan unikallıq kimi var olmağını anlamaqdadır, dərk etməkdədir. Hamımız təkik, ancaq özümüzə, yolun fərqinə fikir vermədən, yoldaş seçməklə “tək deyilik” illüziyasına zövqlə təslim oluruq.
Və başlayırsan hər şeyə görə yadlaşmağa. Əvvəllər üst-üstə düşən dəyərlərin nə qədər az olmasına baxmadan onları tapıb, onlara görə aşiq olmağa. Təklik həqiqətinə öz “tək deyiləm” illüziyanı çəkməyə. Zaman gəlir, keçir yuxarı başa, bir fincan kofe süzür, oturur. Və deyir:
“Sən təkdir. Sən tanrıdır. Sən özünü aldadır. Sən bir müddət sonra üst-üstə düşməyən dəyərlərin azlığına baxmayacaq və onları tapıb, “tək deyiləm” illüziyasına zərbə vuracaq. Holoqram dağılacaq və Sən hər şeyə yadlaşacaq. Sənin yadlaşmasını doğuran səbəb də onun unikal olduğunu dərk etməsi olacaq. Hamı unikaldır, Sən həmişə bunu dərk etmir. Bunu görmək istəyən Sən isə gözlərini açmalıdır”.
Zaman kofesini bitirib, gedir. Onun bitmiş kofesini isə mən içərək doldururam.