0

Özümdən və “O”ndan

Ama əvvəl torpaq idim. Böyüdüm, düşüncələri olan ağaca döndüm. Kiçik ideyalarımı yarpaqlar kimi bəxş etdim rüzgarlara. Onlar da xəzəlimi sovurub o dərin dənizə tökdülər. Hər bir solğun yarpaq çürüyüb sulara qovuşdu. Mən isə buza çevrildim.

Həmişə daş kimi qalacağımı düşündüyüm halda birdən-birə qum qədər ovuldum. Ovan isə “O” oldu. Toza dönmüş hissələrimdə gizlənən hisslərimi rüzgarlar sahillərə sürüklədilər. Üzərindən uçduqları hər küçəyə xatirə səpdilər.

Sonra isə zaman oldum. Öncələr özümə məxsus olan bütün toz və solmuş yarpaqları topladım. Muzey açıb hər bir küçədə gizlənən xatirələrimdən kolleksiya yaratdım. Gözlərimi də muzeyin ən qaranlıq otağına hədiyyə etdim. Heçnəyi görməsinlər deyə. Zaman olub hər şeyi özümdə həbs etdim.

Birdən-birə olmadı. Elə zamanın axarından mənim də xəbərim olmadan “O” mənim zaman olduğumun fərqinə vardı. Və anlatdı.
İndi isə…

…kainatın övladıyam. Ancaq ondan indi çox uzaqdayam. Əslində elə ona doğru hərəkədəyəm. Qarşımda böyük bir qapı var. O tərəfində kainat. Əslində “O”nun üçün darıxdığımdan özümün axtarışına çıxmışam. İçimdəki dənizin içində üzürəm. Nə dibi, nə sonu görünür, amma bilirəm ki, var. Boğulmaq qatı düşmənim, mücadiləm bütün cəmiyyətlədir. Dənizdən daha təhlükəli və dərin olan bu cəmiyyət.

Daxilimdə kainatı kəşf etməyə mane olanlar. Dərin dəniz qapıya gücümün çatacağını bilir. Bu səbəbdən “O”na olan sevgimdən istifadə edib biləyimdən tutur. Biləyim qırılana qədər “O”nu o sudan çıxarıb o qapını açacam.

Qapının arxasında bəşəri xoşbəxtlik var. O, bütün şəhərlərdə, dağlarda, meşəliklərdə, dəryalardadır. O, hissə-hissə parçalayıb özünü. Bütün həyatın boyu hissələri toplayıb, Yer ömrünə xoşbəxt son vermək üçün.

Bugün o dərin dənizin ayağımdan tutub saxlamağına baxmayaraq, o böyük və qapının açar dəliyindən gizlənmiş xoşbəxtliklərə sahib çıxan kainata baxa bilirəm. Oralar çox gözəldir. “O”nun bataqlıq cəmiyyətindən cücərən sevgisi isə daha gözəldir.

Həyatın yeni mərhələsindəyəm. Bu isə yeni mücadiləmdir.

Leech – Inspiral by farfromrefuge

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.