bu gecəmi bir dənə kolu olan səhrada keçirmək istərdim…. səhərə qədər onunla danışardım.
əvvəl onun tək olmadığını deyərdim. ən azından mənim kimi fərqli məkanlarda bu tikanla gecələr keçirmək istəyən insanlardan danışardım. Sonra onun səhranın ədalətsiz küləyindən qurumuş və vəhşiləşmiş tikanlarından danışardım. Onlarda gizlənən mənim kimi insanların fikirlərindən danışardım. Ona anladardım ki, o çox vacibdir, günəşdən qorunarkən kərtənkələ üçün onun kölgəsi cənnətdir. O kərtənkələnin həmin anlar üçün ona olan sevgisini danışardım.
Sonra da başlayardım özümdən danışmağa, ona yeni bir tikan əlavə etməyə. Necə axmaq, bəzən də zəhlətökən, itirmək qorxusu olan əclaf olduğumu belə deyərdim. Sevgimdən zəif oluram, mühafizəkarlaşıram. Ama azadlıq verməyi sevdiyim üçün onu itirəcəyimdən qorxuram. Hə, bu axmaqlıqdır. Çünki azadlığı anlamayan adam azadlıqdan istifadə edib səni tərk edər. O isə azad olduğu üçün məni seçdi. Ama əksi olur, azadlığını əlindən almaq istədiyindən sən onu tərk edirsən.
Uzanardım kolun yanında, zilləyərdim hamının sevimlisi olan gözlərimi onlardan daha gözəl olan göyə. Orda gizlənən ulduzlara.. kol, sən tək deyilsən, bax hər gecə onlar səninlədirlər. Sən onları görməsən belə..
Hərdən şüursuzluq edirəm ki, xoşbəxtliyim mənasızlaşmasın, özümçün onu itirmək qorxusu yaradıram, buna inanıram, sonra da belə bir yazı yazmağa ilhamlanıram. Ama bu da olmalıdır. Həyatdır. Yaşamaq gözəl məşğuliyyətdir.