Sağımda elə də dadlı olmayan kofe, qarşımda notebook..və barmaqlarım. Bu gecəm romantik keçdi. Yuxuqabağı romantik yekun olsun istədim. “Haydi gel içelim” tarixin bizi unutmağının şərəfinə, mənim isə səni unutmamağımın. Hər dəfə nəsə yazandan sonra sənə olmuş keçmiş hisslərimi bu hərflərdə boğub məhv etdiyimi sanıram və yazdığım son yazı olduğuna əmin oluram.
Ama sadə bir musiqidəki əhlikef sözlər hər şeyi alt-üst etdi.
Kofe..səninlə içdiyim ilk və son içki..
Təxminən 2 ay bundan əvvəl sənə yazdığım son ismariclə hisslərimi dəfn etmişdim. Sevinirdim..səni özüm üçün aşağladığıma. Balaca ilanım uzaqdan yenə də etdiyi etdi, sancdı.
Bu dəfə musiqisiz yazıram. Biraz çətin gəlir.
Yaxşı ki, nömrəni silməmişəm, yaxşı ki, uşaq gözəlliyin o əsrarəngiz, məsum, ilana yaraşmayan təbəssümün mənim açıq gözlərimin qarşısında yenə də canlanır. Unutmamışam. “Duman – sana nerden rastladım”, “Yüksek Sadakat – yerlere düşelim” səni xatırladır. Və mənə qaranlıq qalan niyə axı həmişə “aklı başdan alan” mahnılar olanda sən xatırlanırsan?! Mən axı səni o qədər də güclü sevməmişəm. Sadəcə fatal istək olub. Düşündüyümdən zəif olmusan, zərifliyin isə düşünə bilmədiyim qədər idi. Nəinki düşündüyümdən, göründüyündən, danışdığından və yazdığından dəfələrcə zəif biri olmusan. Elə də qalmısan. Buna görə adi məxluqa çevrilməliydin mənimçün..sən çərçivələri sındırırsan.
Onsuz da bundan sonra cavab verən deyilsən, çünki adi birisən. Bağışlayıram. Divar kimi məni dinlə, nəhayətində bir gün çat əmələ gələcək və bəlkə yağışın damlası göz yaşı kimi hisslərimə cavab verib o çatdan süzüləcək.
Gülməlidir. Pink Floyd – we don’t need no education (solo partiya), qaranlıq otaq, kənardan ikimizin heç vaxt ola bilməyəcəyi bir vəziyyətin silueti, “Günahlar Şəhəri” kimi neqativ qanlı romantika, kriminal sevgi, səndə 50 ci illərin amerikan elit xanımının saç düzümü, qırmızı dodaqların, kəskin ehtiraslı iti baxışların. Və bihuş edən ətrin.
Birinci dəfə sənə olan öldürücü hisslərimi gümüş hərflərlə ruhuma həkk edən, xüsusi fərqləndirdiyim “Stein um Stein”. Sənə ucaltdığımın evin bünövrəsini sən bəzəyirsən, çılpaq bədənin daşların arasında əbədiyyətə qovuşur.
“Bang-Bang”.. You shut me down..bu da sənin mənə göndərdiyin son mahnı..
Daddırdın fani cəhanın ağulu şərbətini mənə.. dadı hələ də damağımdadır.
Hmm..kofe doğrudan da gözəl içkidir..