0

Duzlu Kofe

1998-ci il Bakısının payız aylarından birində, “Nizami” kinoteatrında Çin filmlərinin numayiş olunduğu həftəydi.
Numayiş olunan filmlər festival qaydalarına uyğun olaraq, dublyaj olunmadan, alt yazıları ilə göstərilirdi. Gözlərim zəif gördüyündən, filmin alt yazısını oxuya bilmir və baxdığım filmləri, demək olar ki, ümumiyyətlə anlamırdım.
Ancaq həm qələbəlikdən xoşlandığımdan, həm də İncəsənət Unveristetində təhsil adığımdan, filmləri izləməyə hər gün gəlirdim. Kinoteatrın binasının birinci mərtəbəsində bura aidiyyətı olmayan bir kafe var idi.
Əslində, kafe, sadəcə çayxana xidməti göstərirdi. Yəni, bu kafenin menyusunda bir neçə spirtsiz soyuq içki, çay və kofedən başqa heç nə yox idi.
Kafenin özəlliyi isə müştərilərinin hər iki cinsin nümayəndələrinin olmasından, bu məkanda bu özəlliyin doğrudan da adi qəbul edilməsindən ibarət idi.
Müştərilərə xidmət göstərən ofisiant xanimlar da bu özəlliyə qırmızı rənglı qısa yubka və qırmızı boyunluqlu ağ rəngli koftaları ilə daxil ildilər. Qabartmağa səy göstərdiyim bu özəllık 98-ci il Bakısı üçün xarakterik deyildi.
Beşinci gün idi ki, film numayişi vaxtından təqribən bir saat əvvəl məkana gəlir, kafenin on addımlığında durub, içəri girib-çıxan müştərilərə göz qoyurdım.
Müştərilər də demək olar ki, eyni adamlar idilər. Hər gün gördüyüm cütlükləri eyni vaxtda təkrar görürdüm. Onların çox sərbəst və xoşbəxt görünüşləri var idi. Hər halda mənə belə gəlirdi. Axı mən zəif görürdüm.
… Çin filmləri həftəsinin beşinci günü numayiş olunan filmində bir cavan çinli qadın cavan çinli sevgilisi üçün kofe hazırladı. Olsun da ki, əri idi. Mən ancaq hərəkət edən şəkilləri izləyirdim. Bəlkə də yaşlı idilər. Onsuz da çinlilərin yaşlarını müəyyən etmək elə də asan iş deyil.
Şəkildən anladığım o idi ki, qadın da, kişi də olduqca həyəcanlıdılar və bir-birlərindən nə isə gizlətməyə çalışırlar, ya də əksinə, indicə nə isə mühüm bir olayı etiraf edəcəklərmiş kimiydilər.
Qadin hazirladığı kofeni kişinin qabağına qoydu. Kişi də qadına baxa-baxa, qarşısında olan üç qabın birindən qaşıqla nə isə götürüb, fincana boşaldıb, qarışdırmağa başladı. Sonra kofedən bir qurtum içıb, həmən də ağzındakıları cəld hərəkətlə kənara puskürdü.
Sonra hər ikisi gülməyə başladı. Mən də güldüm. Zalda sakitlık idi. Hamı dahiyanə görkəm alıb filmi izləyirdi. Mən gülməyimi dayandıra bilmədiyim üçün zalı tərk etməli oldum.
Beynimə mənə görə əla olan bir ideya gəlmişdi.
Bu idyeanı gerçəkləşdirmək üçün mənə bir qutu “Marlboro” siqareti, bir ədəd “zippo” alışqan,
velvet parçadan enlibalaq şalvar, eyni parçadan quşqol köynək, qəhvəyi rəngdə enli dəri kəmər, bir cüt ucu iti, pariltilı qəhvəyi rəngdə ayaqqabı və bir qara eynək lazım idi.
Film numayişinin altıncı günü, artıq hərgünkü vaxtda sadaladığım gərəklərimdə, fərqli bir qiyafədə kafenin önündə idim. Filmin yayım vaxtına qədər mən ideyamı gerçəkləşdiməyi bacarmalı idim. Nəzərı olaraq, hər şeyi hesablamışdım. Kafedə müştərilər üçün nəzərdə tutulmuş doqquz stolun altısına xidmət göstərilməkdəydi. Içəri daxil olub, üç boş stoldan qapıya ən yaxın olanına yaxınlaşdım. Siqaret və alışqanı numayişkanə tərzdə stolun ustünə buraxdım. Oturacaqlardan birini, hər kəsi rahatca izləyə biləcəyim istiqamətdə rahatlayıb oturdum. Tamaşamın başlanğıcı gözlədiyim nəticəni vermişdi. Hər kəs aşkarca məni izləməkdəydi. Qısaətək xidmətçi xanım sanki qeybdən sol yanımda peyda oldu və əmrə müntəzir olan adamlar kimi, nə buyuracağımı səsləndirməyi gözləməyə başladı.
– mum kun sadur duzl kofe istadi m !
Mən, kəlmələri bacardığım qədər sındıraraq, xanımın çətin anlaya biləcəyi bir ləhcəylə sifarişimi səsləndirdim.
Xanım gülməyini güclə boğaraq soruşdu
– Nəə?
Mən, sifarişımi bu dəfə güya bir az anlaşıqlı tərzdə təkrar etdim:
– Mumkun sadur duzl u kofe is tadim m !
Xanım gülə-gülə, həm də üzünü barın arxasından bizə baxan iş yoldaşlarına tutaraq, səhvimi düzəldirmiş kimi, soruşdu:
– Duz?! Belke buz demek istəyirsiniz? Büzlu kofe, hə?
Mən kafedə olan hər kəsin rahatca eşidə biləcəyi qədər səsimə ton verərək:
– Yok-yok, noo… duz li… raşn… sol.. duz-duz.. duzli kofe. Çok?, – deyə sifarişimi bir də, həm də əlavələrlə təkrar etdim.
Xidmətci xanım iş yoldaşlarının yanına qayıtdı və onlar bu hadisəyə xeyli güldülər. İlk dəfə idi ki, duzlu kofe sifariş edən adam görürdülər. Müştərilər də bu arada gülmək məsələsində kafe işçiləri ilə həmrəy olmuşdular. Bu günə qədər kofenin duzla içilə bildiyini heç harda eşitmədikləri üçün bunu eşitmək onlara çox əyləncəli gəlirdi. Kofe aləmində belə bir sintezin olduguna heç televiziya verilişlərində də, filmlərdə də, kitablarda da rast gəlməmişdilər. Hər kəs mənim kimliyimin tapmaca oyununa başlamışdı artıq.
Mən isə sakitcə siqaret sümürüb, alışqan oynatmaqla sifarişimi gözləməkdəydim.
Bu arada üzümü bara tutub:
– lümon-lümon… yakşi?, – deye sifarişimə bir çeşid də əlavə etdim.
Mənə qulluq edən xanım:
– Yakşi-yakşi!, – dedi və bütün kafe əhli yenidən gülməyə başladı.
Bir neçə dəqiqədən sonra bir duzqabı, bir çay qaşığı, bir fincan qara kofe və nəlbəkidə doğranılmış limon dilimləri səliqə ilə stoluma düzüldü. Mən bir limon dilimini fincanda üzdürdüm. Sonra qaşığın ucuna azca duz alıb, kofeye qatdım. Qaşığı fincanın divarına toxundurmadan kofede rəqs elətdirməyə başladim. Mənə xidmət edən xanım başımın üstündə durub diqqətlə, tələbə müəllimini izləyirmiş kimi, hərəkətlərimə göz qoymaqda idi. Onu intizarda saxlamamaq üçün kofedən bir içim aldım və başımı əyib qaldıraraq, təşəkkür ifadəsini üzümdə canlandırdım. Xanım:
– Nuş olsun… bon appetit , – deyib yerinə qayıtdı.
Barın arxasında artıq həm mənim, həm də duzlu kofenin vətəni barədə ciddi araşdırmalara başlanmışdı. Fransa, İtaliya, Almaniya, Kolumbiya… Lüvəsər…
Bu arada məndən iki stol irəlidə oturan otuz-otuzbeş yaşlı bir kişi:
– Bizə də duzlu kofe gətirin, – dedi və xanım dostundan soruşdu:
– Sən də istəyirsən?
– Sən bilmirsən mən ümumiyyətlə kofe xoşlamıram?
– Zarafat elədim də!, – kişi şit gülüşü ilə zarafatına son qoydu.
Aradan beş dəqiqə keçdikdən sonra mən sifarişimi bir də təzələdim. Bu dəfə bayaq kofe sifariş edən kişi ofisiantdan bayaqkı sifarişinin aqibətini soruşdu. Xidmət edən xanımlardan biri onun ciddi olduğunu dəqiqləşdirdikdən sonra, sifarişi öz üzərinə götürdü və gecikdirdiklərinə görə üzr də istədi.
Duzlu kofe sifarişinə bir xanım da qoşuldu.
Kafeyə, mənim ikinci sifarişimdən az öncə təşrif buyuran cutluk də duzlu kofe sifariş etdi. Bu artıq ciddi qarşılandı.
Bu cütlüyün tamaşamızın başlanğıcında iştirak etməməsinə baxmayaraq, duzlu kofe sifariş edilməsi demək olar ki, hamıda çaşqınlıq yaratmışdı. Hətta duzlu kofenin olmasını indiyə qədər eşitmədiklərinə görə utananlar da tapıldı.
Növbəti on beş dəqiqə ərzində artıq doqquz duzlu kofe sifarişi var idi!!
Bu arada hətta mən də hamı üçün adiləşmişdim. Filmin başlamasına az qalırdı. Mən hesabımı bağlamaq üçün üzümü ofisianta tutub:
– Zəhmət olmasa hesabı gətirin, – deyə təmiz Azərbaycan dilində, həm də heç bir söz sındıması olmadan dilləndim.
Kafeyə ani sükut və çaşqınlıq çökdü.
Mənə qulluq edən xanım hesabımın yazıldığı kağızı stolun ütünə qoyub, üzümə dirək baxırdı…
– Pulun qalığı lazım deyil, – deyib, gülümsəyərək, qapıya tərəf yan aldım…
Adamlar hələ də heyrətlənməyə, maraq hissinə tabe olmağa, adiliyə yuvarlanmağa hazır olduqlarını nümayiş etdirməyə müqavimətsiz idilər.
İdeyasız insanlar üçün təzə adıyla istənilən həlləm-qəlləmlik cazibədardır.
Ehhh…

P.S. qeyd edim ki, bu hekayənin müəllifi Sadiq Elyerdi. Burda heç bir insanın alçaldılması və onlar üzərində satirik gülüş nəzərdə tutulmur. Bu hekayə onu izah edir ki, bütün insanlar yeniliyə bu cür reaksiya göstərirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.