Çoxdandır ki, düşünürəm, yazmıram. İndi yazıram. Çoxdandır ki, durmadan kofe içirəm, çox içirəm. Zərərini bilsəm də içirəm. Səninlə içdiyim ilk içki olduğundan ola bilər. Sən ən qısa olan ən yaxşı idin, baxmayaraq ki, hələ də davam edirsən. Kofe – səni xatırladan ən gözəl şeydir. Hər dəfəsində içimə hopdururam.
Hər uzun müddətli itirmədən sonra ilk aldığım söz ilk anlardakı həyəcanı bərpa edir. O vəhşi incəliyinin sirrini tapa bilmirəm, müxtəlif mahnıların notlarında gizlənmiş baxışların – gah yandırıcı, gah qayğı tələb edən, gah da vecsiz sevgi göstərən baxışlar.
Nə qədər yazmışam, dəfələrlə də ifadə etməyə çalışmışam, bildiyim heç bir dil kömək eləmir. Kəhkəşan sonsuzluğu kimisən. Qaranlıq, parlaq, gah çox, sıx, gah az, pərakəndə.
Sığmıram öz içimə. Parçalarımı hər dəfə toplamaq məcburiyyətində oluram. Səpdin həsrətinin əbədiyyət toxumunu nəfəs aldığım havaya. Cücərdi istədiyin ağrılı çətinliklər içimdə, gün işığı olmadan.
Ama bir şey mənə çox xoşdur ki, istənilən halda, bumeranq kimi qayıdıram sənə, adi “salam” vermək üçün olsa belə.
Bu yazının da mahnısı, qoy, bu olsun…