Bugün kiçik təəccüblər yaşadım. Sonra yadıma düşdü ki, bu normaldır. Mən ki, hər nə də olsa, keçmiş Sovetin son nəfəsindən qalma biriyəm. O sistemin qalıqları sayılan təhsili, mədəniyyəti və dnyagörşnə malikəm (şəxsi keyfiyyətləri kənara qoyuram). İlk dərs günüm bugün oldu. Qrup yoldaşlarım Panama, Rusiya, İraq, Koreya, İtaliya, Türkiyə təmsilçiləridirlər. Hərəsi ən azı 4 aydır ki, Almaniyada yaşayır. Hətta türkiyəli qadın 12 ildir ordadır, amma almanca iki sözü ard-arda qoyub danışa bilmir. Qısası, məndən soruşanda ki, neçə aydır məşğulsan, dedim ki, 3 aydır Bakıda məşğulam, 3 gündr ki, Almaniyadayam. Və audotirayadan “bravo”, “wow” kimi səslər eşidildi, hətta müəllimə özü təəccübləndi ki, 3 aya belə nəticə superdir. Təvazökarlıqdan kənar olsa da, deyim ki, mən hələ öz nəticəmlə qane deyiləm. Mənə qəribə gələn şeylərdən biri o oldu ki, uşaqlardan bəziləri 6 aydan, 1 ildən çoxdur ki, ordadırlar, amma almanca danışa bilmirlər, iordaniyalı qaqaş, ümumiyyətlə oxuyanda bəzi sözləri elə tələffüz edir ki, hecalamağını xahiş edirik. Nəysə. Burdan millətimin nümayəndələrinə eşq olsun deyirəm.
Deməli, dərsimizdə tapşırıqlardan birində 4 şəkil var idi və müvafiq olaraq şəkillərin hansı məhşurlara məxsus olduğunu deməli idik və həmin tanınmışın nəyə görə tanınmış olduğunu danışmalıydıq. 12 nəfərdən Cəmi 2 nəfər – mən və rus qız – Yuri Qaqarini tanıdıq, 2 nəfər – mən və qaradərili qız – Mariya Kürini tanıdıq, 2 nəfər – mən və rus qız – Martin Lüter Kinqi tanıdıq, 2 nəfər – mən və panamalı qız (rus qız və qaradərili dərsi tərk etmişdilər) Tereza Ananı tanıdım. Tanımaq deyəndə, yəni haqqında ətraflı informasiyaya malik idim və idik. Özümü tərif etmirəm, əminəm ki, Azərbaycanda yaşayan, normal intellektə malik biri bunların 4-nü də tanıyır. Gülməli gəldi mənə. Hələ panamalı qız Panamanın harda olduğunu mənə izah edəndə dedim ki, mənim coğrafiya ilə problemim yoxdur. Rahat ol. Cavabında dedi ki, burdakıların heç biri onun dünya xəritəsinin harasında olduğunu bilmirlər. Ən azından Panama kanalını tanımamaq günahdı. Nəysə. Onlara baxıb özümə şükür elədim ki, nə yaxşı ki, Azərbaycanda doğulmuşam :)) Qeyd edim ki, müəlliməmiz orta yaşlı qadın olsa da, çooox optimist, gülərüz və dəhşət zaraftcıl biridir.