0

Bu “An”

tələsib səhv etmək, tələsməyib səhv etmək, bunun səhv olduğunu anlamaq, bunun səhv olduğunu düşünüb səhv etmək. gecikib səhv etmək, gecikməyib səhv etmək, bunun doğru olduğunu düşünüb səhv etmək. səhv etməkdən qorxub səhv etmək, səhv etməkdən qorxmayıb səhv etmək, səhv etməkdən qorxmamaqla səhv etmək. düşünüb səhv etmək, düşünməyib səhv etmək, inanıb səhv etmək. qərar verməklə də, verməməklə də səhv etmək.

sakit, həzin musiqi altında qızıl payızı gözləmək. köhnəliklərin adamı özünə çəkməsi, sənin onları görməyəcək qədər cavan olmağına baxmayaraq.

hey yazırsan, səhvlərdən, doğrulardan, yazlardan, payızlardan, yollardan, kol dibində kölgəyə susamış kərtənkələdən, qapı arxasındakı kainatdan, dağlarda səpələnmiş xoşbəxtlik bulaqlarının qidalandırdığı ağac yarpaqlarından.  şəhərlərdən, ordakı gecələrdən, gecələrin məşuqələrindən, məşuqələrin dinlədikləri sərxoş mahnılardan. içinə çəkdiyin iztirab tüstüsündən, içdiyin intizar badəsindən.

danışırsan dostlarına planlarından, danışmırsan onlara sevdiyin üçün bütün bu planları bir qarışqa addımında puç edəcək cəsarətindən, ya da onun uzaqdan gözünə çarpan təbəssümünü görəndə yarpaq kimi əsən əllərindən, narın-narın atılan addımlarının sənin nəfəsinlə rəqs etməsindən, yaxınlaşandakı bərk-bərk ona sarılıb, sanki divarından ayrılmaq istəməyən qoca sarmaşıq kimi, başını öz sinəndə hiss etmənin əsrarəngizliyindən.

yazırsan Xəzərin dalğalarından, balıqqulaqlarından, Bakının bezdirici küləklərindən, şokolad ətirli qadından, kofe ətirli dodaqlarından.

deyə bilmirsən dostlarına onun sənə olan vecsizliyini, özünü sınıq hiss etdiyini, ama qürurunun bunu həmişəki səmimi gülüşlər altında maskalamasını. onun sənin ruhunu atom radiasiyasının hələ bilmədiyi mutansiyaya uğratmasını.

yazırsan asılmış ruhunun öz cəsədini sınıq stolda oturub izləməsindən, kilsəyə gedib allahsızlığına dua etməyindən, ya da bir gecə səhradakı tikan koluna təsəlli verməyindən.

ama susursan vacib saydığın biri üçün vacib olmadığından. bir anlıq zəifliyindən istifadə edən daxili vakumun eqonu boğmağa çalışmağından.  və daha nələrdən və nələrdən.

nəsə səhv olub, düşünürsən. ama nə? yuxarıda saydıqlarından hansısa. əslində, bilirsən ki, səhv deyilən şey yoxdur bu həyatda. doğru da yoxdur. bu an var və hər dəfə “bu an” olacaq sonrakı anlar var. sən isə “an”a görə qərar verən maşınsan.

Macar Rapsodiyası kimi qəribə və izburaxandır “O”.
  Hungarian Rhapsody No. 2 by L. Spiro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.