Gözlərindən ən böyük okeana çay axmasın deyə
gecə-gündüz təbəssüm axtardım payız küçələrində.
Ən çirkin insanın ölməsi kimidir yaşamaq..
bəzən xoş gəlir.
Yalnızlıqdan da qorxdum
bəzən
Dünyanın ən küncündə olmayacaq qədər real bir hal –
sakit dənizdəki sakit üzmək kimi.
Məktubdan çox ötədi bu yazdığım.
Oxuduqca canlanım istədim,
cəsarətsizliyimdəndir uzun cümlələr.
Bəzən ən uzun insan ömrü qədər sıxıcı gəldi yaşamaq,
bəzən ölümün dadı qədər gözəl.
“Əzrayıldan qorxmaq” qədər zəif idi insan,
mən ölümdən qürur duyacaqdım
sənin yerinə.
Və yalnızlıqdan bəzən it uladı,
bəzən kölgəm.
İnsanları canavar edən bir Aydan qaçırdım mən.
Sənə yazdıqca musiqi dinlədim,
səndən sonra intihar nə idi?
Mən ölümdən qaçdım gəldim,
Ay gəlmədi.
Asılmaq anını gözləmək kimidir yazmaq,
nəyi gözlədiyini qorxu ilə bilirsən,
hər şeirimdə asılan insanların basabası kimi,
uzaqdan baxınca yalnız
kiməsə sevdirmək istəmək özünü.
Hər şeirin sonunda qaranlığa çıxan kimsə var,
“geri yol yoxdur” deyir faytonçu
atların cəza alması aparır bizi
səyahətkar maşından yuxarı baxan insan kimi
diqqətli və anı yaşayan
son insanın ölümünə üzülməkdən imtina kimi
sən görməyəcəksənsə onu,
niyə başqasının yükünü yük etmək?…
Bəlkə də..
uzaqdakı güzgüdür?
Əzilmiş kağızlardan ömür düzəltmək
kiminsə artığını yemək kimi
tək tərəfli olan hər şeydən sadəcə
uzaq qaçmaq hissi almaq borca
ən yaxşı variantdan çox ölüm
çox qəliz həyatı olan insandı qələm
mənə və yeni kağızlarıma görə
siqaretin dərdi azdırması kimi gedənlərin dönməmə tənliyi
hər variantda yeni qapı
gözlədiyindən artığını tapmaq kimi
qazanmaq yox, ancaq
tapmaq…
Çəkmək və şeir yazmaq…
Hər dağın ardında ayaq izlərindən kənd,
ağaclardan ibarət məskən var,
hansını ki,
kəşf edə bilməyib heç bir alim,
kəşf edə bilməz
heç bir ali
cənab
şəxs belə..
Hər dağın dalında Günəş
şüalarından ibarət göl var.
Göz açar dünyaya
təkrarlanma sərhəddində…
Hər dağın dalında uzaq var,
gedə bilmirik heç birimiz,
gedənlər özünü aldadar.
Hər uzağın uzağında dağ,
dağın ardından uzaq var
çünki…
Hər dağın ardında eyni bir nəfəs,
bizi sevən birisi var,
o da bilməz biz kimik,
sanar ki,
biz onun gözlədiyi şəxsik.
Belə başlar hər sevgi hekayəsi…
Hər dağın ardında buludlardan park,
ruhlardan bezmiş dayanacaq var.
Cənnət və cəhənnəm sanıb, gözləyənlər
hey gözləyər
sonra şeir yazar
mənim kimi…
Zərgərdən palçıq düzəltmək istədi şair,
mürəkkəbinə batırdı özünü,
şeir yazdı…
Son ölən vaqonda öldü
gedənin dönməməsilə,
gedənlərdən ölənlər olur,
qalanlardan da…
Süpürgəçi həqiqət kimi
təmizkarlığı tutar
durar,
təmizləyər.
Yalanlarınla qalırsan…
Təsəllidən insan düzəldən tanrım,
inamımı niyə öldürdün?
məni niyə öldürmədin?
– yox – deyir
Əzrayılı niyə yaratdın bəs?
Səbəbsiz səbəb
səbəbli səbəbsiz kimi
onun tərsi,
əksi,
nə ad qoysan, o…
Qoyulmaz ad təklərə
“tək” deyərlər,
keçər, gedər…
Mən yazdıqca səmimiyyət yığıram sərbəstlik ağacından…
Mən uzun cümləyəm,
özümdən yazıram,
tükənmirəm…
Mən ən ağılsın insanam,
özümdən yazıram,
tükənmirəm…
Zibillikdə eşələnən bir pişik var,
zibillərdən insan düzəldər.
O pişik allah,
insanlar siz.
“Biz İnsan Deyilik” deyənləri də gördük,
elə onlar da zibil,
içi boş,
çölü yox.
hər şey bitici,
bitirməkdən başqa..
Səyahətə çıxmaq üçün
yol çantama bir-iki şeir qoydum,
yol
çantama sığmadı
yoxsa, gələndə gətirərdim
uzaqları…
durub, geri baxmaq,
sonra geri çönmək,
sonra geri baxmaq
əvvəli unutmaqla eyni,
sondan xəbərsiz olmaqla əkiz.
Sona getmək də bir əvvəldir,
yolla həmişə düzdür,
nə əvvəli var,
nə sonu.
Yollar heç vaxt bitmir,
nə əvvəli var,
nə də əvvəli…
Günəş düşər bir gün
yetişmiş olaraq.
Günəş düşər bir gün
heç kimə əl uzatmaz
O da qalxamaz…
Tekila adamlar,
ganjabeyinlilər,
tüstüborular,
küsdü yorulanlar,
bəzən yorulmaqdan imtina,
yoruldular,
biz də dinmədik,
neynədiyimizi bilmədik,
yorulduq…
Fəsillərə uyğun ölmək,
intihar mövzusunda təcrübəli,
həvəsli olduğunu göstərir.
Hər fəsildə ölmək
təkrarçı
və sıxıcı…
Nəsə səhv gedir həmişə,
nəsə səhvdir
həmişə…
Bir ölüm yolunda cənnət çıxmır qarşımmıza,
qaranlıqdan bu qədər qorxub da
ümid etməyin,
cənnət də yoxdur,
cəhənnəm də…
Mən adımdan asılı bir insan,
şəxsiyyətimin vəsiqəsində şəklimlə
gəzərem hey.
Mən hər şeydən öncə insan.
Bir dua qədər batil,
bir baxışdan sevəcək qədər şəhvət.
İndi qərarları siz verin,
bu səfər də özünüzü siz məhv etsin.
Cırıq ayaqqabıma dolduqca yağış,
pencəyim olsa da, yamaqlı,
əlimdə olmasa da, heçnə
evə qayıtmaq gözəldir…
Bəzi şeylərdən imtinaya gedirik,
bəzən də imtina edib
təsəvvürümü zorlamaq qədər şeir
yazmaq qədər sıxıcı..
Mən ölən tabutlarda cəsəd görmədim,
sondan bəhs edən qocaları sevə bilmədim,
tələsməklə tələsdim,
əslində…
Uzaqda bir güzgü var,
uzaqdakı məni göstərir,
vəsiyyətim:
“O güzgünü sındırın!…”
Vəziyyətimdən yazmaq istədim,
ölümdən uzun olan
gecə şeirimi..
Ancaq sən gəldin
bir də
buşəhərdə olmamaq qorxun
gecə şeirində…
Olmasan bu şəhərdə,
boş qatarların
boş oturacaqlarına çevrilərdim…
Olmasan bu şəhərdə,
günortanın sıxıcı,
yarıyuxulu havasında,
çox uzaq bir şəhərdə
dəli paltarında,
hansısa dəlixanada
“dəlixanada ölür” deyə bağırardım…
Olmasan bu şəhərdə,
tanımadğım bir evdə
tanımadığım bir insanla
tanış olar,
tanımadığım uşaqları həyata gətirərdim…
Olmasan bu şəhərdə,
ən yaxın dənizin
ən yaxın kənarından
balıqlara özümü yem edərdim…
Olmasan bu şəhərdə,
hər gün içərdim…
çox içərdim…
Boş şəhərləri sevirdim,
səni hər şeydən çox…
Bakı bu qədər boş olmamışdı.
Olmasan bu şəhərdə,
boş şəhərdən
imtina edər,
intihar edərdim…
Olmasan bu şəhərdə,
səkilərdə ölən insanlar uzanardı
mən də
üzərilərinə basa-basa keçərdim,
ayaqlarımdan yapışardılar,
özlərinə çəkərdilər,
sənsə gedərdin…
Ölümə də inanırdım,
cənnət və cəhənnəmə də,
sən vardın axı…
Olmasaydın bu şəhərdə,
yəqin ki, bu şeiri yazırdım…
o şəhərdə
hər şey başqa,
hər şey süni idi.
Axşam düşdümü,
skamyaya çevrilərdi
parda adamlar
o şəhərdə
Avtobusdakı tənhalar,
parkdakı sevişən təsəllilər
məhşur idi
o şəhərdə
ölən insanlara görə ölürdülər,
sevən insanı heç it yerinə də qoymurdular,
hər şey başqa idi o şəhərdə…
Ay kimisə canavar etmək,
bir də ulduz səpmək üçün çıxırdı
göy üzünə
o şəhərdə
qadınlar yalnız,
ancaq qürurlu
kişilər fağır,
amma qürurlu
uşaqlar çox,
gələcək yox idi
o şəhərdə
musiqi vardı
hələ yazılmayan
o şəhərdə
sərxoşlara içki,
çəkənlərə tüstü vermirdilər
o şəhərdə
biri var idi,
şeir yazırdı
“O şəhər”ə…
Bəzən getdim,
bəzən qayıtdım,
bunun harası yoldu,
bunun harası uzaq?..
Müəllif: Əli Əliyev