1

bir də susanlar var

kimlər gəlmiş, kimlər gedir. üzüləsənmi, ya əksinə?! qərarsızlıq var, bir də susmaq və reaksiya verməmək. reaksiya verməmək özü bir reaksiya verməkdirsə?! hadisələrə biganə qalmaq da məhv edir. “город мертвых” adlı bir oyunda özümü qəhrəman kimi hiss edirəm. ölülər arasında bir diri. bir məsəl də var, deyir ki, kor istəyər iki göz, biri əyri, biri düz. ardını kim necə gəldi gətirər.
Çoxdandır kofem də bitib, ya mən kofe üçün, ya da kofe mənimçün bitmişlər siyahısındadır. Ümumiyyətlə, həyatda boş şeylər də var. Qəribə inkişaflar da var. Zamanla bəzi atalar sözlərindəki fəlsəfəni tapırsan: çox bilən az danışar. Çox bilən çox vaxt heç danışmaz. Çox bilən həyatdakı hər şey, baş verən hər prosesin özündən əvvəlki ilə olan bağını və özündən sonrakına atdığı qırmağı görür, izah etmək üçün bir ömür lazım olur, susur. ancaq onun susmağı ətalətdən kənardır. susanlar bəzən səssiz danışanlardır

bir qız bəyənirsən, o ya Marsa gedir, ya kəndə gedir, ya da həyatdan küsüb gedir. Keçmişdə qurdalanıb, gələcəyə ümid axtaranlar. Gözəl və qəşəng, əsrarəngiz və möhtəşəm olan şeylər var, onlara şərh verməmək gərəkdir, onların varlığı özü bizim yaşama maraqlı bir şərhdir. Elə deyil deyirsənsə, demək ki, “elə deyil”.

getdim, tərk etmədim, qayıtdım, qovuşa bilmədim. kim necə istəyir, düşünür, qərar verir, nəticələrindən əziyyət çəkir, ya da siqaret çəkir. bəzən şəkil çəkir, pis alındığı üçün qəm çəkir, yeni karandaş alır, həyat çəkir, ağrılardan yuxusunu ərşə çəkir. hamı nəsə çəkir. ən səmimiləri fikir çəkənlərdir. fikrin dumanı, tüstüsü, alovu..
məsələ hər yarpaqda, hətta budaqlar arxasında gizlənmiş, bəziləri solmuş yarpaqların incəliyini dəqiq görmək və ya ağacı görməkdir – düşüncələrinə köklənirlər. kökdən düşürlər, yenidən köklənirlər, hərdən başqalarını da buna kökləyirlər, simlər qırılır, ən bahalısını alırlar, aləti dəyişirlər, notlar kəşf edirlər. Məgərçi məsələ yarpaqla ağac arasındakı harmoniyanı görməkdədir. Bunu bilənlər, görənlər susurlar, bura gəlinmir, bura varılmır, bura görülür, duyulur, toxunulur.

xəbərdarlıq edilirsənsə, o silahlıdır. düşünülən silah nə isti, nə də soyuqdur. susanlarda bu görünməzdir, o, qırışlar arasında illərcə yığılıb qalmış bir silahdır. öləcəyini bilən birinin nəsə deməyinə gərək varmı?
bir zamanlar demişdim ki, gözlər ruhun qapısıdır. gecə yatmayanlar isə ikinci ruha ən çox ehtiyac duyanlardır. ümid axırıncı ölür deyirlər, ama bəzilərində ümidlər ölümsüzdürlər. sözlər yenə də məni zamana gətirdi. zamansa öz etdiyini edir, o, zamanlıq edir, dəyişən insanlardır, onlar insanlıqlarını etməyi unudmuşlar. zaman qoca bir kişidir, uzun ağ saqqalı var, insanlar öz yüklərini ona daşıtdırırlar, o isə insanlardan küsür və sadəcə susur. notlar da küsür, onlar küsəndə insanlar ağlayır.

o heç vaxt nə deyəcəyini bilmirdi, buna görə də onu yaxşı anlayırdım. o, qərar verdi, danışdı, həyat qarışdı.
dəlilik məndədir yoxsa mən dəlilikdə?! bir dostumun yazdığı, o birinin oxuduğu kimi: “inkarlar, təkrarlar”

 
Vassilis Tsabropoulos – The Secret Garden by Hafizz Poladzade
 

1 thought on “bir də susanlar var”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.