0

kofe, Oxucu və mürəkkəb

Listzin Macar Rapsodiyasını dinləyərkən Sezen Aksunun “değer mi hiç”ini düşünəcək qədər kofesiz qalmışam bu aralar. O kobud barmaqlarla royalın bəyaz, saf dillərinin qovuşmasından kainatın ahənginə bir gözəllik qatan hər notun səslənməsi əgər kofe maşınından hər damcının süzülməsi ilə həmahənglik yaradırsa, bu sevgi deyil, bəs nədir? Bəli, əziz kaktus. Bu bir eşq ümmanıdır ki, bəlkə də çayıdır, baş vurub, o tərəfinə üzmək istəyirəm. Və bəli, keçəndən sonra çevrilərək arxaya baxıb: “hər şey göründüyü qədər də çətin deyilmiş”, demək istəyirəm. Amma dəyərmi buna görə çəkilən birtərəfli iztirablara?! Nə gerçək, nə yuxu qanadlanıb uçmağıma əngəl törətmə iqtidarında olmadığı bir cahanda siyah gözlü ləbi-şəkkər niyə xunxar olsun ki mənə?!
Major-minor-major harmoniyalardan təşkil olunmuş bir əsər olsa da bu eşq, açarı məlumumuz deyildir.
Hərdən nənəmin açarını mənə verdiyi o kiçin otaqda köhnə masa arxasında kofemin bitib, yenidən bir fincan üçün ətalətimi pozduğum zamanda yaşadığı mo ülvi hissləri yaşadan oxucumu xatırlayıram. Oxucu bir dünyadır. Mən kitabın arxasında parıldayan, öz varlığı ilə öz kainatını işqlandıran ulduz olduğum halda oxucumçun sadəcə bir vərəqə düşmüş mürəkkəb qədər önəmsizəm. Deyilmi, kaktus? Mən oxucumun məni oxuduğu zaman əhvalına uyğun obraza daxil ediləcək qədər buqələmun xarakterli qara mürəkkəbdən başqa nə ola bilərəm ki? Oxucum olmayanda mən də yoxam kimi əbədi varlığıma davam edirəm.
Yenə də kofem bitdi. Amma o həyəcan çoxdan tükənib, öz sülhünə qovuşub.
Kəskin söz iti qılınc kimidir, deyiblər ulularımız, amma susqunluğun da qaranlıq, şər qüvvə kimi parçalayıb, hissə-hissə məhv edən bir gücü varmış. Qələm kağıza, oxucu yazıçıya, yazıçısa yazmayanlara xəyanət edər. Bu, bir oyundur və hər kəs cığallıq edir.
Döyün, ey qəlb, yaşat bu vücudu, qarşıla bu könlün sənə hazırlayacaqlarını. Vermə sual, əbədi bir şey yoxdur, sən ki, məndən yaxşı bilirsən. Gözləntiləri sıfırla, sev hər gün, hər gecə. Biz sadəcə bir hekayədəyik, oxunduqca canlanırıq. Dinləndikcə ululaşır, zamanın mütləq olmayan daimiliyinə qovuşuruq. İndi nə görən, nə də oxuyan var. Palçıqdan yaradıb, can vermək üçün tanrının üfürərək nəfəsindən ruh verməsini unutduğu bədənlərik. Sürünərək tanrımızın axtarışındayıq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.